Ayaqüstə durmaq zərərlidirmi?
Passiv həyat tərzinin sağlamlığa zərərli olduğu haqqında çox danışılıb və yazılıb. Əksər insanlar passiv həyat tərzinin müxtəlif xəstəliklərin inkişafına səbəb ola biləcəyini bilir. Passiv həyat tərzi keçirən insanlar arasında ən çox yayılmış xəstəliklərə piylənmə, osteoxondroz və aşağı ətrafların varikoz genişlənmiş damarları daxildir. Ancaq uzun müddət ayaqüstə durmaq həyat tərzi ilə əlaqədar bəzi maraqlı suallar yaradır.
1) Uzunmüddətli ayaqüstə durmaq faydalıdırmı?
2) Uzunmüddətli bu cür mövqe sağlamlığa necə təsir göstərir?
Tez-tez ayaqüstü vəziyyətdə olanların əksəriyyəti peşə fəaliyyəti uzunmüddətli şaquli mövqe gərəkdirən insanlardır. Bu peşə nümayəndələri müəllimlər, təhlükəsizlik işçiləri, satış məsləhətçiləri və başqalarıdır.
Daimi ayaqüstə durmaq bizlərə bəzi üstünlüklər qazandırır. Məsələn, ayaqüstü vəziyyətdə həyat tərzi keçirən insanlarda piylənmə və artıq çəki xəstəliyinin inkişaf etməsi ehtimalı az olduğu müşahidə olunur. Passiv həyat tərzi keçirən insanlara nisbətən belə insanlarda yuxarıda qeyd olunan xəstəliklərin inkişaf riski azdır.
Lakin ümumiyyətlə, uzunmüddətli ayaqüstü vəziyyət sağlamlığa mənfi təsir göstərmiş ola bilər. Xüsusilə, bu aşağı ətraflara aiddir. Uzun müddət bir şəxs gün boyu ayaqüstü vəziyyətdə qalırsa, yavaş-yavaş aşağı ətrafların damar sistemində dəyişikliklər baş verir. Bu dəyişikliklər damar divarlarına və qapaq aparatına şamil olunur. Qapaq aparatının düzgün işləməməsi səbəbindən aşağı ətraflardan yuxarıya (ürəyə) qan normal axın edə bilmir və dayanıqlı vəziyyətdə ayaqlara böyük bir yük düşür. Bu isə nəticədə qapaq aparatının zədələnməsinə və damarların genişlənməsinə gətirib çıxarır. Uzunmüddətli ayaqüstü həyat tərzinin keçirilməsi nəticəsində aşağı ətrafların varikoz damarları inkişaf edir.
Varikoz damarlarının inkişafını necə qabaqlamaq olar?
Varikoz genişlənmiş damarların inkişafının qarşısını almaq üçün əsas qaydanı yadda saxlamaq lazımdır – hərəkət etmək yaşamaqdır. Bir gündə insanın daha çox aktiv hərəkətlər etməsi (gəzinti, yüngül qaçış və s.), aşağı ətrafların genişlənmiş damarlarının inkişaf riskinin azalmasına səbəb ola bilər.
Buna görə də, uzunmüddətli ayaqüstü və oturaq həyat tərzinə yol verən insanlar üçün əsas tövsiyə, mümkün qədər çox hərəkətlərin edilməsidir. Aktiv hərəkətlər əzələlərin, qan damarlarının və ürəyin düzgün işləməsinə səbəb ola bilir. Yəni bir saat parkda sadə gəzinti nəinki aşağı ətrafların varikoz damarlarının yaranmasının, həmçinin bir çox xəstəliklərin də inkişaf riskini azalda bilər.